İlham Əliyev: ?Azərbaycan xarici sərmayədən asılı ölkə deyil?
Azeri, 06 Kasım 2009 04:03
?Azərbaycana sərmayə qoyulmasa, bu, bizim inkişafımıza təsir etməyəcək?
“Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş kimi göstərdi və beləliklə, böyük investisiyaları cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da o yolu keçib”. Bunu Azərbaycan prezidenti İlham Əliyev, Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəik çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, artıq Azərbaycanın özü başqa ölkələrə investisiya qoyur: “Azərbaycan Dövlət Neft Şirkəti bu gün xaricdə investisiyalar qoyur. Yəni biz artıq xarici sərmayədən asılı deyilik. Əgər xarici sərmayələr Azərbaycana qoyularsa, əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç bir təsir etməyəcək”.
Azərbaycan prezidentinin sözlərinə görə, indi əsas vəzifə investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna cəlb etməkdir. Çünki neft-qaz sahəsində biz istədiyimizə nail ola bilmişik. Azərbaycan indi böyük neft-qaz hasilatçısıdır. Bizim yeddi neft-qaz kəmərimiz vardır - üçü neft kəməri, dördü qaz kəməri. Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac edirik. Biz artıq neft sənayesinin inkişafı sayəsində elektrik enerjisini də ixrac edirik”. İlham Əliyev deyib ki, ölkəmiz hətta böhranlı 2009-cu ildə maddi sıxıntılar yaşamır, əksinə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb: “Bütün bunların təməlində, əlbəttə ki, Azərbaycanın neft strategiyası dayanır. Dövlət Neft Şirkətinin xarici tərəfdaşlarla uğurlu əməkdaşlığı bugünkü reallıqları yaradıb. Azərbaycan fəxr edir ki, biz dünyada müstəqil siyasət aparırıq. Bu, həqiqətən də belədir. Artıq bütün dünya bunu bilir və bu, hər bir ölkə üçün ən vacib məsələdir. Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz iqtisadi cəhətdən müstəqilik. Biz heç kimdən asılı deyilik. Biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq”.
Dövlət başçısının fikrincə, iqtisadi müstəqillik Azərbaycana siyasi müstəqillik də verir: “Biz öz sözümüzü qətiyyətlə deyirik. Biz bölgədə yaşanan proseslərə daim öz münasibətimizi bildiririk. Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz. Bu, artıq reallıqdır və bu reallığı biz özümüz yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra oluna bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilibdir və bu müstəqil siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər ancaq iqtisadi imkanlar olsaydı və başqa amillər olmasaydı, müstəqil siyasət aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də çətin olardı. Bizdə iqtisadi müstəqilliklə bərabər çox güclü siyasi iradə var. Biz prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və istənilən formada müdafiə edirik. Bu amillərin sintezi Azərbaycanın hərtərəfli inkişafı üçün şərait yaradır. Azərbaycanı dünya miqyasında böyük hörmətə malik olan ölkə kimi tanıdır və ən önəmlisi Azərbaycan xalqının rifah halının yaxşılaşmasına xidmət göstərir”.
Azeri, 06 Kasım 2009 04:03
Yorumlar (0)