Türkiyədə Əhli-beyt (ə) Ardıcılları Ermənistanla Sərhəddin Açılmasına Sərt Etiraz Etdi (Foto-Xəbər)
Azeri, 11 Nisan 2009 03:43Türkiyədə Əhli-Beyt (ə) ardıcıllarının lideri olan Səlahəddin Özgündüz cümə xütbəsi zamanı Türkiyənin Ermənistanla sərhədlərin açılması planına da toxunaraq Türkiyənin bu təşəbbüsünə sərt reaksiya bildirib.
Namazdan sonra məscidin qarşısına toplaşan müsəlmanlar sərhədlərin açılmasına qarşı sərt etiraz şüarları səsləndirib. Aksiya iştirakçıları Ermənistanla sərhədlərin açılmasına etiraz etməklə yanaşı bu plana etiraz edənlərin imzalarının toplanması kampaniyasına da başlayıb, - “CİHAN” agentliyi xəbər verir.
ABŞ prezidenti Barak Hüseyn Obamanın Türkiyə səfəri zamanı Ermənistanla sərhədlərin açılması istiqamətində təşəbbüsünə etiraz edən xatib Səlahəddin Özgündüz Ermənistanla sərhədlərin açılmasını heç cür qəbul etmədiklərini söylədi.
İstambulun "Küçükçəkmə Halqalı" adlı ərazisində yerləşən "Zeynəbiyyə" məscidinin imam cüməsi bu günlərdə Türkiyəyə səfər edən Obamanın türklərə “tarixinizdə olanları etiraf etməkdən çəkinməyin” deyə müraciətinə də diqqət ayırıb. “Obamanın Türkiyəyə gəlməsi bizim üçün hər hansı mənfi məna kəsb etmir. Lakin, biz bir millət olaraq tarix boyunca dik dayanmaq, şərəflə yaşamaq, başqa xalqlardan əmr almamaq üçün şəhidlər, qurbanlar verdik. Başqalarının köləsi, qulu olmamaq üçün əvəzini həddən artıq ödədik. Hər hansı bir işi yaxşı da etsək, pis də etsək özümüz bilərik, kimsənin bizə əmr verməyə haqqı yoxdur. Biz başqasının lütfünə möhtac deyilik”, - deyə Səlahəddin Özgündüz bildirib.
Xütbə zamanı imam cümə türk millətinin hər zaman şərəflə yaşadığını qeyd edərək bildirib: “Bir gün şərəfli və ya qarnı tox yaşamaq arasında seçimdə qalarsaq, biz şərəfli həyatı seçərik. Bu hər zaman belə olub və belə də olacaq. Amerika başçısının buraya gəlişinin ürəyimzcə olub-olmaması müzakirə mövzumuz deyil. Amma bizə “tarixinizlə ayaqlaşın” deməsi bizim milli qürurumuza qarşı təhqirdir. Biz tariximizdən utanacaq durumda deyilik. Əgər burada soyqırıma işarə edirsə, əslində ölkə olaraq biz soyqırımdan zərər çəkmiş olduq. Bu xalq bu soyqırımı çox yaxşı hiss etdi. Canlarına, mallarına təcavüz edildi, diri-diri yandırıldılar. Dövlət olaraq ermənilərin bizə qarşı soyqırımına məruz qaldıq. Belə isə, hansı soyqırımdan bəhs edirsiz?”. O, eyni zamanda İraqda indiyə qədər 1,5 milyon dinc əhalinin qətlə yetirilməsinə də toxunaraq müsəlmanların hələ də bu torpaqlarda qanının axıdıldığını bildirib. “Hazırda kimin soyqırım etdiyi göz qabağındadır. Açıq görünür ki, tarixindən utanası olanlar biz deyilik. Qərblilər və Amerikalılar bizə ədalət dərsi verməsin. Biz müsəlmanların olduğu yerdə hər zaman ədalət hökm sürüb”, - deyə xətib qeyd edib.
Xütbənin ardında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yaxın keçmişdə Davosda etdiyi çıxışa toxunan Özgündüz sevimli nazirlərinin şərəfli addımı atması ilə Türkiyə xalqının başını ucaltdığını vurğulayıb və bildirib ki, baş nazir bu mövqeyi Ermənistana qarşı da sərgiləyəcək.
Xütbədən sonra məscid həyətinə toplaşan müsəlmanlar “Qatil Ermənistan, Qarabağdan rədd ol”, “Məhv olsun Amerika, məhv olsun İsrail” şüarları ilə etiraz edərək bir neçə dəqiqəlik aksiya keçirib və bundan sonra isə Ermənistanla sərhədlərin açılmasına etiraz edənlərin imzalarını toplamağa başlayıblar.
"Dəyərlər" AİN
Azeri, 11 Nisan 2009 03:43
Yorumlar (0)