Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Bakıda Aşura konfransı keçirilib

Konfransda ayrı-ayrı məzhəblərin tanınmış nümayəndələri və müxtəlif təşkilatların rəhbərləri iştirak edib 

28 Aralık 2009
Bakıda Aşura konfransı keçirilib

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi tərəfindən Kərbəla hadisələrinin növbəti ildönümünə həsr olunmuş “Azərbaycan milli kimliyinin formalaşmasında Aşura məktəbinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbir “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin icraçı direktoru Hakim Əlizadənin açılış nitqilə başladı: “Biz bu gün xalqımızın illərlə deyil əsrlərlə andığı bir hadisənin ildönümünü qeyd etməyə yığışmışıq. Kərbəla şəhidlərinin xatirəsini həmişə əziz tutub və əcdadlarımız nəsilbənəsil İmam Hüseynə (ə) yas tutaraq günümüzə qədər bu tarixi anı daşıyıblar. Bizim tariximizdə bu hadisənin analoqu olan ikinci bir hadisə yoxdur ki, xalqımız 1000 ildən bu yana yas tutsun, iki ay müddətində Kərbəla şəhidlərinin xatirəsinə hörmət olaraq toy-bayram etməsin. Artıq Aşura Azərbaycan xalqının damarlarındakı qanına, vücudundakı genlərinə keçib. Bu xalqın var oluşuyla Aşura da var olub. Hətta 70 illik Sovetlər dönəmindəki ateizim, dinsizlik belə bu xalqı İmam Hüseyndən (ə) və dindən ayıra bilmədi.

Əsrlər boyu xalqımızın yetişdirdiyi dahi şairlər, ziyalılar öz yaradıcılıqlarında İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini anıblar. Bu gün dövlətçiliyimizin, müstəqilliyimizin varlığı Aşura məktəbinin bəhrələrindəndir”

Sonra çıxış üçün söz “Mənəvi Dünya” İctimai Birliyinin sədri ilahiyyatçı Hacı Şahin Həsənliyə verildi. Hacı Şahin Həsənli “Bu günümüz və Aşura məktəbi: ibrətlər və örnəklər” mövzusunda məruzə etdi. Natiq məruzəsində Aşura məktəbi haqqında söz açaraq zamanəmizdə bu məktəbdən alınacaq ibrətlərə, Həzrət Hüseyn (ə) timsalında örnəklərə toxundu. “Əgər bu gün zülm varsa deməli zalım da var və bu zülmə məruz qalan məzlum da var. Zülmün olduğu yerdə Aşura məktəbinin labüdlüyü vacibdir. Çünki haqqın, ədalətin bərqərar olmasında Aşuradan, İmam Hüseyndən (ə) alacağımız dərslər əvəzsizdir”.

Daha sonra Azərbaycan Yazıçılar İttifaqının üzvü, gənc yazar Seyyid Ramin Paşazadə “Azərbaycan ədəbi yaradıcılığında Aşura” mövzusunda məruzə etdi. Gənc ədib Azərbaycan xalqının klassik şairlərinin və həmçinin günümüzün görkəmli ədiblərinin yaradıcılğında yer alan İmam Hüseyn (ə) fenomeninə toxunub. Nəsimi, Xəqani, Nizami Gəncəvi, Füzuli, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Şəhriyyar və digərlərinin yaradıcılığından misallar gətirərək əyani örnəklər verib.

Tədbirin davamında DEVVAMM-ın sədri, ilahiyyatçı-filisof, İlqar İbrahimoğlu söz alaraq Azəbaycan fəlsəfi fikrində Aşura məktəbinin, xüsusən də İmam Hüseyn (ə) qəhrəmalığının müsbət və təkrarolunmaz təsirlərindən bəhs etdi. Azərbaycan xalqı üçün haqq-ədalət uğrunda mübarizənin, bu yolda çəkilən əziyyətlərin və verilən qurbanların gec-tez öz bəhrəsini verəcəyinə ən bariz nümunə kimi İmam Hüseyn (ə) məktəbini qeyd edən natiq bu məktəbdən layiqincə istifadə olunmasını vacib saydı.

İlqar İbrahimoğlunun çıxışından sonra Misirin Əl-Əhzər Universitetinin məzunu Məhəmmədəmin Rəhimov “İmam Hüseyn (ə) şəxsiyyəti və hicrət fenomeni” mövzusunda məruzə etdi. Məruzəsində İmam Hüseyn (ə) şəxsiyyətinin müsəlman fərdi və cəmiyyəti üçün çox önəmli tərəflərini sadalayan natiq həmçinin hicrət fenomeni prizmasından da məsələyə toxundu. Məhəmmədəmin Rəhimov Qurani-Kərimdə və hədislərdə hicrət mövzusuna verilən diqqət və önəmi konkret misallarala qeyd edərək onu Aşura və İmam Hüseyn (ə) şəxsiyyəti ilə əlaqələndirdi.

Mühazirələrdən sonra mövzu ilə bağlı iştirakçılar arasında fikir mübadiləsi aparıldı. Tədbirin sonunda Azərbaycan klassiklərinin Aşura mövzusuna həsr etdikləri qəzəl, şeir və qəsidələrindən ibarət ədəbi-bədii kompozisiya incəsənət xadimləri tərəfindən təqdim edildi.

Qeyd edək ki, 350 nəfərin iştirakı ilə keçirilən konfransda ayrı-ayrı məzhəblərin tanınmış nümayəndələri, müxtəlif təşkilatların rəhbərləri və bir neçə ali məktəbin tələbələri iştirak edib.

salaminfo.az

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.