Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Ankara-Yerevan Protokolları Türkiyə Parlamentində Təsdiq Edilməyəcək

Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komissiyasının həmsədri, keçmiş xarici işlər naziri Yaşar Yakış hesab edir ki, Ermənistan hökumətinin və Konstitusiya Məhkəməsinin Ankara-Yerevan protokollarına dəyişiklik etməsindən sonra Türkiyə Parlamenti protokolları parlamentdə təsdiq etməyəcək.  

22 Şubat 2010
Ankara-Yerevan Protokolları Türkiyə Parlamentində Təsdiq Edilməyəcək

"Ermənistan Türkiyə ilə imzaladığı protokolların Konstitusiya Məhkəməsinin etdiyi dəyişiklikləri Ankaraya qəbul etdirməyi düşünürsə yanılır. Ankara heç vaxt bu dəyişiklikləri qəbul etməyəcək", - şənbə günü Yakış Ankaradan telefonla Trend News-a bildirib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Ermənistanın Konstitusiya Məhkəməsi bu il yanvarın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.

Ermənistanın Konstitusiya Məhkəməsi protokolları qəbul etdikdən sonra Osmanlı İmperiyası zamanı 1915-ci il hadisələrini araşıdıracaq ortaq komissiyaya ehtiyac olmadığını və Ermənistanın "soyqırım"ın qəbul edilməsi tələbindən heç vaxt əl çəkməyəcəyini bildirib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan Konstitusiya Məhkəməsinin iki ölkə arasındakı protokollar üzrə öz qərarına yenidən baxmadığı təqdirdə Ankara və Yerevan arasındakı diplomatik əlaqələrin pozula biləcəyi barədə xəbərdarlıq edib.
Yakış hesab edir ki, Türkiyə beynəlxalq praktikada hər hansı beynəlxalq sənədi imzaladıqdan sonra onu ölkənin daxili qanunverici orqanı tərəfindən birtərəfli şəkildə dəyişdirilməsi praktikası mövcud deyil.
"İmzalanan hər hansı bir beynəlxalq sənədin daxili orqanlar tərəfindən dəyişdirilməsi sonda siyasi xaosa yol açar."

Yakışın sözlərinə görə, Türkiyə hökuməti Ankara-Yerevan protokollarını Ermənistan Konstitusiya Məhkəməsi ilə deyil, Ermənistan hökuməti ilə imzalayıb və Konstitusiya Məhkəməsinin çıxardığı qərar Yerevanın daxili işidir, bunun Ankaraya heç bir aidiyyatı yoxdur.

Yakış onu da qeyd edib ki, əgər Ermənistanın imzalanan protokollarla bağlı narazılığı vardısa, onu indi yox, protokollar müzakirə edilən zaman qeyd etməli idi.
Onun sözlərinə görə, ölkənin Baş naziri protokolların ratifikasiya məsələsini parlamentə çıxarsa belə, türk millət vəkilləri Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət irəliləyiş olmadan, protokolları təsdiq edən deyillər.

"Əgər türk deputatlar "Dağlıq Qarabağ məsələsi həll edilmədən protokolları təsdiq etməyəcəyik" deyirlərsə, buna nə Baş nazir, nə xarici içlər naziri, nə də ölkə prezidenti bir şey edə bilər. Türkiyə Dağlıq Qarabağ məsələsinə həssas yanaşdığını dəfələrlə bildirib və bu hamıya aydındır", - deyə o əlavə edib.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ və Rusiyanın Dağlıq Qarabağ probleminin həllində göstərdiyi səylərə münasibət bildirən Yakış qeyd edib ki, hazırda ABŞ bu problemin həllində daha maraqlıdır. Çünki Dağlıq Qarabağ probleminin həlli uzandıqca, ABŞ-ın Türkiyə kimi müttəfiqi ilə əlaqələrində soyuqluq yaranır.

Yakışın fikrincə, Dağlıq Qarabağ məsələsində Rusiyanın tutduğu mövqe ABŞ-ın mövqeyindən fərqlənir.

"Rusiya Cənubu Qafqazda olan mövqelərini itirmək istəmir və bu regionda hər zaman gücə və mövqeyə sahib olmaq niyyətindədir. Ermənistan Türkiyə ilə problemlərini həll edərsə, Rusiyanın Cənubi Qafqazda varlığına ehtiyac olmayacaq və gec tez Ermənistan gələcəkdə ABŞ- a yönələcək", - deyə o qeyd edib.

Yakış onu da qeyd edib ki , Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli, əslində, Rusiyanın gələcək maraqlarına da xidmət edir. Çünki Cənubi Qafqazda stabilliyin olmamağından Rusiya da narahatdır.

"Bəzən siyasi xadimlər qərar verərkən uzun gələcəyə istiqamətlənmiş strategiyanı deyil, bu günü fikirləşərək qərar verirlər. Hesab edirəm ki, Rusiya bu problemin həlli istiqamətdə qərar verərkən daha çox tərəddüdlər içində olacaq", - o qeyd edib.

 

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.