Türkiyənin Əhli-beyt (ə) yolçularının əhəmiyyətli mərkəzlərindən "Zeynəbiyyə" hər il möhtəşəm əzadarlıq mərasimləri ilə də seçilir. Mərkəzin builki Aşura mərasimlərinin daha da əzəmətli keçməsi gözlənilir. Bu haqda Deyerler.org-a eksklüziv açıqlamalarında mərkəzin mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə məsulu Kasım Alcan məlumat verib: “Məlum olduğu kimi, ötən il Türkiyədə bəşəri Aşura mərasimlərinə Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Təyyib Ərdoğan da qatılmışdı. Bu qatılım həm İslam dünyasında, həm də Avropada böyük rezonans doğurmuşdu. Builki əzadarlq hazırlıqları da sürətlə davam edir. Ötənilki mərasimə nisbətən, əlbəttə ki, builki mərasimlərdə müəyyən dəyişikliklər olacaq. Türkiyə Cümhuriyyəti Diyanət İşləri başkanı professor-doktor Ali Görmez və İƏT sədri İkmələddin İhsanoğlu bu il bu əzadarlıq mərasimlərimizə dəvətlidirlər. Ölkə xaricindən də əhəmiyyətli qonaqlarımız olacaq. Bu il həm ölkə daxilindən, həm də ölkə xaricindən Aşura mərasimlərimizdə çox önəmli qonaqlarımız olacaq”.
Bu il Aşura mərasimin 1373 ili olacağını xatırladan K.Alcan builki mərasimlərin xüsusi şüar altında baş tutacağına diqqət çəkib: “Builki tədbirlərimizin bir fərqli xüsusiyyəti də 5 dekabr 2011-ci il - bazar ertəsi günü saat 10-da başlayacaq Aşura matəmi mərasimində bələkdəki körpələri daha ön plana çıxarılması olacaq. Bu il “Əli Əsğər (ə) ili” olacaq. Qucaqlarında yeni doğulmuş körpələri ilə analar bu mərasimin mərkəzində olacaqlar. Həm Məhərrəm ayının 7-də böyük bir tədbirimiz olacaq, həm də “Əli Əsğər (ə) ili” çərçivəsində Aşura günü bütün diqqətləri körpələrə yönəldəcəyik. Builki təziyadarlığımızın adı da belə olacaq: “Körpə bələkdə oxlandı”. Bu adla builki əzadarlığımız keçiriləcək”.
Mərasimə qatılacaq qonaqlardan söz açarkən isə Kasıb bəy bildirib: “Yenə əcnəbi missiyaların nümayəndələri, Avropa və İslam ölkələrinin konsulları, sənətçilər, vətəndaş cəmiyyəti təşkilatları və digər kəsimlərdən qonaqlar builki əzadarlıq mərasimlərimizdə iştirak edəcək. Bu il həm natiqləri, həm də əzadarlıq proqramının tərkibi etibarilə dolu-dolu, ötən ildəkindən də daha əzəmətli bir Aşura görəcəyik, inşaallah”.
/Deyerler.org/
18 Kasım 2011