Azərbaycanda İslam Peyğəmbərinin (s) adına həsr edilmiş sayca üçüncü dəfə keçirilən intellektual yarış - "Mövlud olimpiadası" bu il də start götürmüşdür. Bu bilgi yarışı İcərişəhər “Cümə” məsçidi dini icması, DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının təşəbbüsü və deyerler.org-un informasiya dəstəyilə həyata keçirilmişdir.
İlk "Mövlud Olimpiadası" 2008-ci ildə baş tutmuşdur. 2008-in bilik yarışında 117 nəfər iştirak etmək arzusunu bildirmişdir. Onlardan ən çox xal toplayan Kərimli Namiq ilk "Mövlud Olimpiadası"nın qalibi elan edildi. Aynur Məmmədova və Emin Yasinov isə müvafiq olaraq 2-ci və 3-cü yeri bölüşdürmüşdürlər.
2009-cu ildə isə II mübarək "Mövlud Olimpiadası"nda artıq 135 nəfər iştirak etmişdir. İkinci olimpiadanın nəticələrinə görə Allahverdi Nəcibə və Yusifova Kəmalə 49 xal toplayaraq 2-3 yerləri bölüşdürüblər. Abbasova Leyla isə hər 3 mərhələnin ümumi nəticəsinə görə 50 xal toplamaqla, olimpiadanın qalibi olmuşdur.
Bu il elmi-intellektual yarışda, "Mövlud Olimpiadası"nda iştirak üçün qeydiyyat müddətinin cəmi 3 gün olmasına baxmayaraq olimpiadada 189 nəfər iştirak istəyini bildirmişdir. Olimpiada 3 turdan ibarət idi.İlk turun nəticələrinə görə daha çox xal toplamış 110 iştirakçı II turda biliklərini sınamaq üçün imkan qazanmışlar.
Nəticələr məlum olduqdan sonra yer tutmuş bütün iştirakçılar çıxış edərək ürək sözlərini bölüşmüşlər. Qaliblər məclis tərəfindən izdihamlı alqışlara layiq görülmüşlər.
Artıq bir neçə ildir ki, ölkədə İslam mədəniyyətinin inkişafında xidmətləri olmuş dəyərli insanlara bu mövludlarda fəxri diplomlar təltif edilir. Builki mövludda isə "Cine Salam” şirkətinin təsisçiləri, şirkətin baş direktoru Hacı Süleyman Fərzəliyev və şirkətin rejissoru Hacı Emin Abasov fəxri diplomla təltif olunmuşlar. Eyni diploma ölkədə ilk dəfə “Əhli-Beyt (ə) məddahları” qrupu, sonrakı il isə “Zaman” teatrı və onun rəhbəri Hacı Nizami Mirsalayev layiq görülmüşdülər.
Daha sonra mövlud tədbiri “Əhli-Beyt (ə) aşiqləri” ilahi mahnılar qrupunun ifaları ilə davam etmişdir. Sonda bayram konserti “Fərəc” duasının birlikdə oxunması ilə yekunlaşmışdır.