Hicri təqvimlə 1430-cu il başa çatmaq üzrədir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni 1431-ci ilin başlanğıcı – Məhərrəm ayının
1-i miladi təqvimi ilə 2009-cu il dekabr ayının 18-nə təsadüf edir.
Məhərrəm ayı hicri-qəməri ilinin ayları arsaında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay islam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhisalam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetişdiyi ay kimi daxil olmuşdur. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda qəlblərə qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhisəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhisəlamın dininin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Aşura günü 2009-cu il dekabr ayının 27-nə təsadüf edir. Kərbəla şəhidləri xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznlə baş sağlığı verir, onlara Allah Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhisəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyyə edirik. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn əleyhissalam naminə qan verilməsi aksiyalarının təşkili ən münasib təziyədarlıq
nümunəsi kimi örnək olmalıdır.
Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən varmağa nail olacaqlar. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi əziz tutan xalqımız sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dərəylərinin təntənəsini təmin etmək yolunda daha artıq əzm nümayiş etdirəcəkdir, inşallah.
VƏS-SƏLAMU ƏLEYKUM VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKATUHU
Bakı şəhəri, 15 Dekabr 2009-cu il