- Qərb KİV-nə əsasən, Türkiyə Ermənistan ilə diplomatik münasibətləri bərpa etmək və sərhədləri açmağı planlaşdırır. Bu baş verdiyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritetliyinin arxa plana keçəcəyi barədə fikirlər mövcuddur. Türkiyə bunu nəzərə alırmı?
- Azərbaycanın maraqları hər zaman Türkiyə üçün önəmli olub. Biz heç vaxt Azərbaycana xəyanət etmərik. Türkiyə hökuməti başçısı kimi mən bu məsələyə ayrıca toxunmaq istərdim. Biz Ermənistan ilə münasibətlərin bərpa olunmasına istəyimizi bildirdik. Münasibətlərin normallaşdırılmasına dair danışıqlar çox məsuliyətli mərhələdədir. Ölkələr arasındakı münasibətlərin inkişafını nəzərdə tutan protokol növbəti ay təsdiqlənməsi üçün Türkiyə Parlamentinə təqdim ediləcək.
Biz İsveçərinin vasitəçiliyi ilə vacib razılışma əldə etmişik və ümid edirəm ki, bəzi maneələrlə rastlaşmasaq, ilkin sənədi parlamentə təqdim edə biləcəyik.
Lakin mən xüsusilə qeyd etmək istərdim ki, bizim səylərimiz qardaş Azərbaycana qarşı yönəlməyib. Biz Azərbaycanın maraqlarına zidd addıma razı olmayacağıq. Biz razılaşmanın qəbul edilməsi prosesini tezləşdirə bilərik, lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olacaq.
- KİV-ə əsasən, Türkiyə və Ermənistan oktyabrın 10-da diplomatik münasibətlərin bərpası üzrə sənəd imzalayacaqlar. Siz bunu təsdiq edə bilərsinizmi?
- Xarici işlər nazirləri oktyabrın 10-da, ya 11-də görüşəcəklər və ilkin sənədi imzalayacaqlar. Xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən mətnləri əvvəlcədən razılaşdırılan və beynəlxalq səviyyədə ciddi irəliləyiş kimi qəbul edilən iki protokol imzalanacaq.
- Siz G-20 sammiti çərçivəsində Pitsbuqrda cümə günü ABŞ Prezidenti Barak Obama ilə görüşdünüz və bəzi KİV-in məlumatlarına əsasən, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bu danışıqlar haqqında daha ətraflı danışa bilərsinizmi?
- Biz Yaxın Şərqdə və Türkiyədəki problemləri, həmçinin Türkiyə, Azərbaycan və Ermənistan arasındakı münasibətləri müzakirə etdik. Cənab Obama regionda münasibətlərin inkişafının vacib olduğunu bildirdi.
Mənim fikrimcə, vəzifəsi Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mübahisədə kompromis tapmaq olan ATƏT-in Minsk Qrupuna fəal addımlar atmaq daha asan olacaq. ABŞ, MQ-nin həmsədri kimi öz öhdəliklərini yerinə yetirməlidir. Mən cənab Obamaya bildirdim ki, problemin həlli Ermənistan ilə münasibətlərimiz də daxil olmaqla regiona əməkdaşlıq üçün yaşıl işıq yandıracaq.
Türkiyənin stabilliyin və əməkdaşlığın təmin olunması üzrə Qafqaz platformasının yaranması barədə təklifinə əsasən, regiounun bütün dövlətlərini birləşdirəcək dialoqun qurulması vacibdir. Türkiyə regionu dünyanın dayağına çevirmək və Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Rusiya-Gürcüstan problemlərini sözügedən platformanın köməyi ilə həll etmək niyyətindədir.
- Regional əməkdaşlığa gəldikdə, Türkiyənin də iştirak etdiyi "Nabukko" layihəsini necə qiymətləndirirsiniz?
- Bu layihənin bir hissəsi artıq həyata keçirilib. Bu yaxınlarda biz bir sıra Avropa ölkələri ilə müqavilə imzaladıq. Nyu-Yorka səfərim zamanı Türkmənistan prezidenti ilə görüşdüm. Layihənin həyata keçirilməsi üçünü bütün maraqlı tərəflərin səyləri vacibdir.