“Bir var ki, hansısa radikal cərəyan ola, bunu başa düşmək olar. Bir də var sünni və şiə məzhəbləri. Onların hər ikisi Quran və hədislərə əsaslanır. Baxış fərqləri ola bilər. Bu, təbiidir, amma şiələrin nurçularla eyniləşdirilməsi və şiə məzhəbinin bu şəkildə tənqid edilib aşağılanması yanlışdır”, – deyə hacı Şahin Həsənli əlavə edib.
Ş. Həsənli dəfələrlə Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğanın şiə mərasimlərində iştirak etdiyinin şahidi olduğunu deyib: “Cənab Ərdoğan həmişə Aşura mərasimlərində iştirak edib. Özü-özlüyündə istənilən dövlət və hökumət başçısının vəzifəsi məzhəblər arasında barışıq yaratmaqdır. Ümumiyyətlə, İslam dinində sünni və şiə məzhəbləri ənənəvi məzhəblərdir. Təbii ki, bunlar sırf dini mövzulardır. Ərdoğanın toxunduğu təqiyyə anlayışı Quran kəlamıdır. Tarix boyu təzyiqə, təqibə məruz qalan insanlar təqiyyəyə müraciət ediblər. Təqiyyə insanın həyatına təhlükə olarsa inancının gizlətməsidir. Peyğəmbərimizdən də hədislərdə qeyd olunub ki, təqiyyə mənim dinimdəndir və mənim dinimdə təqiyyə anlayışı var. Peyğəmbərin öz zamanında da Əmmar adlı şəhabəsi inancını gizlətmişdi. Peyğəmbər də onun bu əməlini təsdiq etmişdi ki, o düz edib”.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan seçkiqabağı təşviqat-təbliğat tədbirlərin birində nurçu cərəyanının üzvlərini şiələrlə eyniləşdirib. Bundan başqa, o, şiə məzhəbinin təqiyyə ehkamını masqaraya qoyub və bu məzhəb nümayəndələrinin nurçuların əlinə su tökə bilməyəcəyini dilə gətirib.