İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirmişdir.
Tasua günü münasibətilə “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu “Kərbəladan çıxan dərslər – mənəvi mərəzlərimizin müalicəsi” mövzusunda xütbə söyləmişdir. Xətib bu hadisədə hər iki tərəfin ən azı zahirdə iman daşıyıcısı olduğunu vurğulamış, ancaq onlar arasındakı fərqin mənəvi mərəzlərinin müalicə edib-etməməkdən ibarət olduğunu qeyd etmişdir: “Kərbəlanın səbəbkarları, İmama (ə) qılınc qaldıranlar mənəvi mərəzləri müalicə etməyənlər, pul mərəzi, mal mərəzi, torpaq sahibliyi mərəzi, tayfa mərəzi, şəhvət mərəzi, əqli mərəzi olanlar idi”.
Daha sonra Tasua məclisində növhə, mərsiyə və rövzələr deyilmiş, ənənəvi əzadarlıq mərasimi keçirilmişdir.
Məhərrəm ayının 10-da – Aşura günündə, səhər saatlarında icmanın geniş iştirakı ilə əzadarlıq mərasimi başlamışdır. Minlərlə mömin və möminənin iştirak etdiyi mərasimdə Aşura müsibətini əks etdirən rövzə və mərsiyələr ifa edilmişdir.
Daha sonra “Aşura” mərasimi Şəhidlər Xiyabanının ziyarəti ilə davam etdirilmişdir. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilmiş, 20 yanvar hadisələrində, Qarabağda şəhid olmuş həmvətənlərimizin ruhlarına dualar edilmiş, Quran ayələri oxunaraq şəhidləririmizin ruhlarına hədiyyə edilmişdir. Ziyarət zamanı Hacı İlqar İbrahimoğlu çıxış edərək Məhərrəm-Səfər əyyamını yaşadan xalqımızın xoş gələcəyi, Qarabaığımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məhşur olmaları üçün dualar etdi.
Xəbər xidməti /deyerler.org/
08 Aralık 2011