Cafərilerin lideri Səlahəddin Özgündüz ilə mərasim keçirilən yerə gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan alqışlarla deyil, salavatlarla qarşılanıb. Məscid inşasında yaşadıqları çətinliklərdən danışan Özgündüz bildirib ki, az imkanlarla məscid tikdikləri halda bunu əllərindən almağa çalışırlar: ”Bu hansı vicdana sığar, hörmətli baş nazir?”.
Özgündüz onu da qeyd edib ki, TRT kimi təşkilatlarda tək istiqamətli din anlayışının təlqin edilməsindənsə, “Əhli-beyt” sevgisini aşılayan verilişlərə üstünlük verilməlidir.
Özgündüz çıxışında son vaxtlarda Türkiyə ilə Azərbaycan arasında bəzi soyuqluq olduğunu bildirib: “Bu soyuqluğun səbəblərindən biri Ermənistanla imzalanan protokol məsələsidir. Rəhmətlik Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik”. Baş nazirin bu məsələdə dediyi fikri xatırladan Özgündüz Ərdoğana inandığını bildirib: “Hörmətli baş nazir Qarabağ məsələsi həll edilmədən bu protokol həyata keçirilməyəcək deyib. Mən də buna inanıram”.
Ərdoğan çıxışında bildirib ki, Kərbəla acısını təkcə məhərrəmlikdə deyil, hər zaman hiss edirik: “Həzrəti Hüseynin şəhadəti vida deyil, qovuşmaqdır, son deyil başlanğıcdır, ayrılıq deyil, birlikdir və bərabərlikdir”. Ərdoğan Həzrəti Hüseynin şəhadətini düşmənçiliyin, qütbləşmənin deyil qardaşlığın vəsiləsi olduğunu söyləyib: ”Kim ki Kərbəla faciəsini müsəlmanların bölünməsi qütbləşmə olaraq istismar etməyə çalışsa, bilin ki, o, Həzrəti Hüseynin əziz xatirəsinə haqsızlıq edib”.
Nərgiz Ehlamqızı / Qafqazinfo
18 Aralık 2010