Yuxarıdakı irada xülasə şəkildə belə cavab vermək olar: bilməliyik ki, namaz dinin firuid-din bölməsindəndir və bu məsələlərdə məktəblər, alimlərin baxışları arasında fərqlər var. Elə sünnə əhlinin dörd qolunun alimləri arasında da bu kimi fərqli baxışlar az deyil. Demək, bu məsələlərdə fikir müxtəlifliyi mövzuya yanaşmadan doğur. Digər tərəfdən, sünnə əhli alimlərinin mötəbər saydığı rəvayətlərdə namazların ardıcıl qılınması mümkün sayılır.
Zöhr və əsr, şam və xüftən namazlarının ardıcıl qılınması ilkin İslam dövründə müşahidə edilmiş bir haldır və heç bir məzhəbdə bu iş bidət sayılmır. Sünnə əhli öz dəlilləri əsasında beş namazı ayrı-ayrı vaxtlarda qılır, Əhli-beyt (ə) ardıcılları isə öz dəlillərinə əsasən namazların ardıcıl qılınmasını mümkün sayır. Amma bu vacib deyil, müsəlman namazı ardıcıl ya ayrı-ayrı vaxtlarda qılmaqda azaddır.
Bu mövzu ilə bağlı ustad Müstəfəvinin münasibəti belədir:
Əhli-beyt (ə) mənbələrindən əlavə, sünnə əhlinin “Səhihi-Buxari”, “Səhihi-Müslim”, “Sünəni-Termizi” kimi tanınmış mənbələrində 30-a yaxın rəvayətdə Peyğəmbərin (s) namazları ardıcıl qıldığı bildirilir. Bu da qeyd olunur ki, həmin vaxt Həzrət Peyğəmbər (s) şəhərdə olmuşdur və namazların ardıcıl qılınması üçün heç bir zərurət yaranmamışdır.
İndi isə sünnə əhlinin mötəbər mənbələrindəki bəzi rəvayətləri nəzərdən keçirək:
1. Əhməd ibn Hənbəl “Müsnəd” kitabında İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu (s) Mədinədə idi və müsafir deyildi. Bununla belə zöhr və əsr, şam və xüftən namazlarını birlikdə qıldı”.
2. Malik öz kitabında İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu zöhr və əsr, şam və xüftən namazlarını birlikdə qıldı. Hansı ki, həmin vaxt heç bir təhlükə yox idi və Həzrət (s) müsafir deyildi”.
3. Müslim “Səhih” kitabında İbn Abbasdan belə nəql edir: “Allahın Rəsulu (s) zöhr və əsr, şam və xüftən namazlarını birlikdə qıldı. Hansı ki, təhlükəli vəziyyət deyildi və Həzrət müsafir sayılmırdı.”
4. İbn Abbas deyir: “Allahın Rəsulu Mədinədə zöhr və əsr, şam və xüftən namazlarını təhlükə və yağış olmayan bir vaxtda birlikdə qıldı”. İbn Abbasdan bunun səbəbi soruşulduqda dedi: “Ümmətin çətinliyə düşməməsi üçün həzrət belə etdi”.
Sünnə əhli mənbələrində bu mövzuda rəvayətlər olduqca çoxdur. Əksər rəvayətlərin mənbəsi böyük səhabələrdir.
Burada iki nöqtəni qeyd etmək yerinə düşər: namazların ardıcıl qılınmasının adi halda mümkünlüyü təsdiqlənir və bu yolla ümmətin işini asanlaşdırmaq nəzərdə tutulur.
Mötəbər mənbələrdə “namazların birləşdirilməsi” adında fəslin olması bu işin mümkünlüyünə digər bir dəlildir. Əgər adi halda namazları ardıcıl qılmaq mümkün olmasaydı, fəslin adı “səfərdə və ya təhlükəli vaxtlarda namazların birləşdirilməsi” olardı.
Namazların birləşdirilməsi ilə bağlı əksər din alimləri arasında yekdillik var. Ərəfə və Müzdəlifədə bütün fəqihlər zöhr və əsr, şam və xüftən namazlarının birləşdirilməsini mümkün sayır.
(Haqq Yolu)