Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, anın mərasimlərinin, sərgilərin təşkili nəzərdə tutulub.
Almaniya üzrə soyqırımın 18-ci ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Fevralın 18-dən 28-dək Berlin şəhəində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun “Xocalı uşaqların gözü ilə” sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir.
Fevralın 26-da həmçinin Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, “Azərbaycan Evi”, “Alman Azərbaycan Həmrəylik Cəmiyyəti”nin təşəbbüsü, “İrəli” İctimai Birliyi və “Xocalıya ədalət” hərəkatının iştirakı ilə Berlinin “Breitscheidplatz” meydanında soyqırımının 18-ci ildönümünə həsr olunmuş mitinq keçiriləcək.
Fransada da Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 21-də Strasburq Azərbaycan Evi Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı yayımlanacaq. Bundan başqa Strasburqdakı azərbaycanlılar iki gün ərzində - fevralın 24 və 25-də «MAIL» aksiyası da təşkil edəcəklər.
Azərbaycan Evinin fransız təşkilatları ilə əməkdaşlığı nəticəsində Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox informasiya xarakterli meyllərin göndərilməsi planlaşdırılıb. Bunlar əsasən Avropa Şurası, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlara, o cümlədən Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail, Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də dünya mətbuatına ünvanlanacaq. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi “Kleber” meydanında nümayiş keçiriləcək.
Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) isə Fransanın bir neçə şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar mitinq və digər etiraz aksiyalarının keçirilməsini nəzərdə tutub. Tədbirlərə rəsmi şəxslər də dəvət olunacaq. Parisin mərkəzində isə Fransa Azərbaycanlıları Birliyi və Fransa-Azərbaycan Gənclik Assosiasiyası Tuluza Azərbaycan Tələbələr Assosiasiyasının iştirakı və “İrəli” Ictimai Birliyinin dəstəyi ilə etiraz yürüşü keçiriləcək.
Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fevralın 24-də “Xocalıya ədalət“ kampaniyası çərçivəsində şəhər sakinləri arasında imza toplama kampaniyası keçirəcək. Fevralın 26-da isə soydaşlarımız Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin parlamentdə lordların iştirakı ilə keçirəcəyi toplantıya qatılacaqlar. Tədbirdə amerikalı yazıçı-jurnalist, son 20 ildə Qafqazdakı münaqişələrlə bağlı araşdırmalar aparan və “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Gols da çıxış edəcək.
Bundan başqa Azərbaycan diaspor nümayəndələri fevralın 26-da Böyük Britaniya parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.
ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq.
Türkiyəki Azərbaycan Dərnəkləri də İstanbul Halqalı'da soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirməyi nəzərdə tutublar.
Şimali Kiprin Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində Universitetin tələbə və müəllim kollektivi iştirak edəcək.
Həmçinin Hollandiya, Belçika, İsveç, İsveçrə, Danimarka, Çexiya, Moldova, Estoniya, Latviya, Litva, Macarıstan, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi, Misir Ərəb Respublikası, Tayland, Yeni Zellandiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna və Belarusda anım tədbirləri keçiriləcək.