Məhərrəm-səfər əyyamıdır. Dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşatdıqları dönəmdir.
Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanımızın hər bur guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimləri keçirilir. İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirmişdir. Məhərrəm ayının əvvəlindən start götürən “məhərrəmin ilk ongünlüyü” mərasimləri Tasua günü xüsusi əzəmət və şövqlə qeyd edilmişdir. Bundan öncə isə, məhərrəm ayının ilk cümə günü “Əli Əsğər günü” kimi xüsusi qeyd edilmişdir.
Tasua günü münasibətilə “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu “Seçim günü” xütbəsini söyləmiş, hicrətin 61-ci ilində məhərrəm ayının 9-da Kərbəla çölündə baş verən İlahi seçimin bütün mübarəkliyini məclisə cəm olanların diqqətinə çatdırmışdır. Tasua məclisində növhə, mərsiyə və rövzələr deyilmiş, ənənəvi əzadarlıq mərasimi keçirilmişdir.
Məhərrəm ayının 10-da – Aşura günündə, səhər saatlarında icmanın geniş iştirakı ilə əzadarlıq mərasimi başlamışdır. 1000-ə yaxın mömin və möminənin iştirak etdiyi mərasimdə Aşura müsibətini əks etdirən rövzə və mərsiyələr ifa edilmişdir. Aşura gününə həsr olunan xütbədə Hacı İlqar İbrahimoğlu bu tarixin bəşəri əhəmiyyətini vurğulamış, müxtəlif epizodların açıqlanması ilə həmin faciəvi tarixin müxtəlif cəhətlərini əks etdirmişdir.
Zöhr və əsr namazlarının cəmlə qılınmasından sonra, “əsri-Aşura” mərasimi Şəhidlər Xiyabanının ziyarəti ilə davam etdirilmişdir. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilmiş, 20 yanvar hadisələrində, Qarabağda şəhid olmuş həmvətənlərimizin ruhlarına dualar edilmiş, Quran ayələri oxunaraq şəhidləririmizin ruhlarına hədiyyə edilmişdir. Ziyarət zamanı qədirbilən xalqımızın xoş gələcəyi, Qarabaığımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məşhur olmaları üçün dualar edilmişdir
Ənənəvi olaraq, Aşura gününün mərasimləri “Şamu-qəriban” əzadarlıq məclisi ilə yekunlaşdırılır.
Deyerler.org