Bunu APA.az-ya açıqlamasında “Fatimeyi-Zəhra” dini icmasının rəhbəri Tofiq Rəzizadə deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun məscidin böyük bir ərazini tutması və həmin ərazini hasarlanması ilə bağlı ittihamlarına münasibət bildirən T. Rəzizadənin sözlərinə görə, bütün işlər qanun və rəsmi sənədlər əsasında həyata keçirilib: “İcma 1997-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb, həm məscid, həm də ərazinin hasarlanması müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuş layihədə nəzərdə tutulub. Bu ərazini isə Bakı şəhər İcra Hakimiyyəti məhz məscid üçün ayırıb”. T.Rəzizadə bildirib ki, məscidin yarımtikili kimi təqdim olunması da yanlışdır.
T. Rəzizadə onu da qeyd edib ki, problemlə əlaqədar icmanın rəhbərliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb. Şeyx məscidin sökülməsi ilə bağlı məsələni nəzarətdə saxladığını və bunu prezidentin diqqətinə də çatdıracağını deyib: “O, həmçinin bildirib ki, “Fatimeyi-Zəhra” dini icmasının yenidən qeydiyyatı ilə bağlı sənədlərə QMİ müsbət rəy verib və sənədlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib”.
Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.