“Qafqaz Müsəlmanları İdarəsi Gəncədə azana məhdudiyyətin qoyulması məsələsini diqqətdə saxlayır. Bunu xoşagəlməz hal kimi dəyərləndiririk. Məmurların məscidin fəaliyyətinə bu şəkildə müdaxilə etməsi yolverilməzdir”. Bunu Gəncədəki Şah Abbas məscidində azanın səsgücləndirici vasitələrlə verilməsində yaranmış məhdudiyyətlərlə bağlı ANS PRESS-ə açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O, tezliklə bu özbaşınalığa son qoyulacağına və möminlərin ibadətinə heç bir maneə törədilməyəcəyinə, habelə onların ibadət hüquqlarına hörmətlə yanaşılacağına inanmaq isdədiklərini qeyd edib.
R.Dadaşova tövsiyyələrin bu şəkildə həyata keçirilməsini qeyri-məqbul olduğunu vurğulayıb.
Qeyd edək ki, Bakıdakı bir necə məsciddə azanın səsgücləndiricilərlə verilməsinə qoyulan məhdudiyyətdən sonra bu gün eyni vəziyyətlə Gəncə şəhər sakinləri üzləşib. Belə ki, şəhərin ən böyük məscidi hesab edilən Şah Abbas (Cümə məscidi) məscidində azanın səsgücləndiricilərlə verilməsinə icazə verilməyib. Polis məsciddəki mikrofonların yığışdırılmasını yaxınlıqda xəstəxana olması ilə əlaqələndirib. Dindarlar isə bunu təkzib edib.
Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov azanın səsgücləndiricilərlə verilməsilə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər daxil olduğunu bildirmişdi. O qeyd etmişdi ki, həmin şikayətlərə müvafiq olaraq, məscidlərə azanın mümkün qədər səsgücləndiricisiz verilməsi tövsiyə edilib.