Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Beynəlxalq hava limanında qonağı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Məhmət Əli Şahin hava limanında jurnalistlərə bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə həyata keçirilən səfərin məqsədi qardaş ölkələrimiz arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparmaq, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TDPA) Bakıda keçiriləcək sammitində iştirak etməkdir: “Ötən ilin noyabrında İstanbuldaTürkdilli dövlətlərin parlament rəhbərlərinin toplantısında belə bir tədbirin Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bakıda keçiriləcək sammitdə bir sıra ortaq məsələləri müzakirə edəcək, TDPA-nın daimi katibliyini yaradacağıq”.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair protokolların oktyabr ayında TBMM-də müzakirəyə çıxarılacağı barədə məlumatlara toxunan Məhmət Əli Şahin deyib: “Türkiyə Cənubi Qafqazda sabitliyin və sülhün əldə olunması üçün çalışır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da bu məsələnin bir hissəsidir. Amma hələlik parlamentə heç bir sənəd daxil olmaqıb. Ümumiyyətlə isə onu deməliyəm ki, azərbaycanlı qardaşlarımız türkiyəli qardaşlarından heç bir zərər görməyəcəklər. Azərbaycanlı qadaşlarımız bizdən yalnız dostluq görəcəklər”.
Olduqca maraqlı və zəngin səfər proqramı olduğunu vurğulayan qonaq Azərbaycanda çoxlu görüşlər keçirəcəyini bildirib.Səfər çərçivəsində TBMM-in sədri Milli Məclisdə, Nazirlər Kabinetində bir sıra görüşlər keçirəcək, Gəncə şəhərində olacaq. Məhmət Əli Şahin Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin memorialını ziyarət edəcək.
/ANS PRESS/