APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə istintaq materialları üzrə sənədlərin elanı yekunlaşıb. Bundan sonra prosesdə təqsirləndirilən Elnur Bəşirovun vəsatəti ilə məhkəməyə dəvət edilən “Əbu-Bəkr” məscidində partlayış baş verən zaman orada nəzarətçi işləyən Amil Həsənov əlavə şahid qismində ifadə verib. Məhkəmə prosesi təqsirləndirilənlər E. Bəşirovun, Samir Babayevin və Rusiya vətəndaşı Maqomed İsayevin ibtidai istintaq zamanı verdikləri ifadələrinin video görünütləri ilə davam etdirilib.
Proses sentyabrın 17-də davam etdiriləcək.
İttihama görə, Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Zabit Şıxbabayev, Fariz Məmmədov, Samir Babayev, Anar Vəlimətov, Rasim İsgəndərov, Elşən Allahverdiyev, Rafiq Ağacanov, Taleh Məhərrəmov, Teymur Nərimanov, Kamran Bozorgi, Azər Baxışov, Musa Orucov, Aleksandr Nurəliyev, Məmməd Məmmədov, Elxan Osmanov, Zaur Cəfərov, Rüfət Rzayev, Sərdar Bünyatov, Rusiya vətəndaşı Maqomed İsayev, Türkiyə vətəndaşları Yamin Ali və Özdəmir Ergin Zaqatala rayonundan olan “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qaynı “Süleyman” ləqəbli Samir Mehdiyevlə cinayət əlaqəsinə girərək, Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər. Onlar “Əbu-Bəkr” məscidində partlayış törətməkdə və digər cinayətkar əməllərdə günahkar bilinirlər. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 120-ci (qəsdən adamöldürmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar.
Bakı. Ramil Məmmədli – APA