Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Gürcüstandaki soydaşlarımızın doğma dildə təhsil alma şəraiti yaxşılaşdırılacaq

Azərbaycanın təhsil naziri Misir Mərdanovun Trend News-a eksklüziv müsahibəsi  

10 Eylul 2009
Gürcüstandaki soydaşlarımızın doğma dildə təhsil alma şəraiti yaxşılaşdırılacaq

- Sizcə, orta məktəb dərsliklərinə daxil edilən dini mövzularla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə məsləhətləşmələr aparmaq zəruridirmi?

- Azərbaycanın ümumtəhsil məktəblərində artıq uzun müddətdir ki, dini mövzular tədris olunur. Yalnız İslam dini deyil, bütün dinlərlə bağlı məlumatlar müxtəlif dərslik və dərs vəsaitlərində öz yerini tapıb. Mən dini mövzuların tədrisi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu məsələni o qədər də dərinləşdirməyə ehtiyac yoxdur. Bu yaxınlarda İslam Universitetinə lisenziya vermişik. Lisenziyanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə şəxsən təqdim etmişəm. Biz indi işimizi daha çox universitetin fəaliyyətinin qaydaya salınması və keyfiyyətinin yaxşılaşdırılmasına yönəltməliyik.

- Azərbaycanda hər tədris ilinin əvvəlində təhsil müəssisələrinə onların təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirilirmi?

- Azərbaycan Fövqəladə Hallar Nazirliyi yalnız hər tədris ilinin əvvəlində deyil, il ərzində məktəblərə baxış keçirir. Hər baxışdan sonra Təhsil Nazirliyinə fövqəladə hallar nazirinin imzası ilə rəsmi məktub daxil olur. Hətta bəzi məktəblərin qəzalı vəziyyətdə olmaları ilə bağlı xəbərdarlıq olunur. Bu iş fasiləsiz olaraq həyata keçirilir. Biz də öz gücümüz daxilində, eyni zamanda dövlətin ayırdığı vəsait hesabına göstərilən nöqsanları aradan qaldırmağa çalışırıq.

- Gürcüstan azərbaycanlılarının doğma dildə tədrisi ilə bağlı bir sıra problemlərin həlli istiqamətində Təhsil Nazirliyi hansı addımlar atır?

- Gürcüstan azərbaycanlılarının doğma dildə təhsil almaları ilə bağlı problemlərin olması məlumdur. Biz Gürcüstanın Təhsil Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə problemlərin həlli istiqamətində birgə iş aparırıq. Bu il də Gürcüstan Təhsil Nazirliyinin məktubuna əsasən ölkədə təhsil alan soydaşlarımıza Azərbaycan dilində dərsliklər çatdırılacaq.

Gürcüstan azərbaycanlılarının təhsili ilə bağlı problemlərin həlli istiqamətində dövlət rəhbərliyinin təsdiq etdiyi xüsusi proqram var. Mən proqram barədə açıq danışmaq istəmirəm. Çünki Gürcüstan Azərbaycana dost və qonşu dövlətdir. Biz onun daxili işlərinə qarışmamalıyıq. Ancaq hər iki ölkə arasında razılaşmaya əsasən, bu proqram həyata keçiriləcək. Hesab edirəm ki, qarşıdan gələn illərdə Gürcüstanda yaşayan azərbaycanlıların doğma dildə təhsil alması şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılacaq.

- Gürcüstanın azərbaycanlı ziyalıları təklif ediblər ki, soydaşlarımızın Azərbaycanda ödənişsiz ali təhsil almasına şərait yaradılsın. Qanuna görə, xarici vətəndaşlar Azərbaycanda yalnız öz hesablarına təhsil ala bilərlər. Gürcüstan azərbaycanlılarının ağır sosial vəziyyətini nəzərə alaraq, onlara bu cür güzəştin edilməsi nə dərəcədə mümkündür?

- Güzəştin olunması mümkündür. Bir müddət öncə ziyalılar qrupunu nazirlikdə qəbul edib, onların fikirlərini dinləmişəm. Ziyalıların təkliflərini müvafiq dövlət qurumlarına çatdırmışam.

- Məktəb direktorlarının İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə müavinlərinin təyin olunacağını bildirmişdiniz. Bu sahə üzrə müavinlərin təyinatına nə vaxtdan başlanılacaq?

- Bu işə artıq başlamışıq və bir neçə məktəbdə bu yenilik tətbiq olunur. Biz o fikirdə deyilik ki, ölkədəki bütün 4500 məktəbin hamısında bir ildə İKT müavinləri təyin olunsun. Bu iş tədricən həyata keçiriləcək. Əvvəlcə Bakı məktəblərində, sonra isə tədricən ölkənin bütün məktəblərində, əsasən də böyük məktəblərdə İKT üzrə direktor müavinləri olacaq.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.