Abdullah Gül Türkiyədə Aşura mərasiminə dəvəti qəbul edib

Artıq xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Abdullah Gül Səlahəddin Özgündüz və vəkil Sinan Kılıçın rəhbərlik etdiyi Əhli-beyt (ə) yolunu Tanıtma, Araşdırma və Tədrisi Dərnəyinin nümayəndə heyətini qəbul edib. Görüşün təfərrüatları ilə bağlı Deyerler.Org-a açıqlama verən Dərnəyin mətbuat katibi Kasim Alcan bu görüşü Türkiyədə tarixi bir hadisə kimi dəyərləndirib.

“Türkiyə respublikası tarixində ilk dəfə olaraq bu ölkədə yaşayan 3 milyona qədər Əhli-beyt (ə) davamçısını təmsil edən bir təşkilatın nümayəndə heyəti prezident tərəfindən qəbul edilir. Bu, bütün Əhli-beyt (ə) davamçıları üçün tarixi bir hadisədir”, - deyə Kasim Alcan bildirib.

O, prezident ilə görüş zamanı Səlahəddin Özgündüzün prezident Abdullah Gülə Türkiyədəki Əhli-beyt (ə) davamçılarının müxtəlif mövzularda fikir və mülahizələrini  çatdırdığını bildirib. Eyni zamanda ölkədə hazırlanan yeni Konstitusiya ilə bağlı Əhli-beyt (ə) cameəsinin üçlük prinsipini - ədalətlilik, bərabərlik və azadlıq prinsiplərini prezidentə çatdırılıb.

Türkiyə prezidentinin Halkali meydanında keçiriləcək Aşura mərasiminə dəvəti ilə bağlı isə mətbuat katibi bildirib ki, prezident bu təklifi qəbul edib. “Hər il biz prezidenti Aşura mərasiminə dəvət edirik. Lakin bu il prezidenti birbaşa bu tədbirə dəvət etdik. Prezidentə bildirildi ki, onun bu tədbirdə iştirakı milli birliyimiz üçün önəmli amillərdən biri olacaq. Prezidentin bu zaman verdiyi mesajlar da bizim üçün tarixi mesajlar idi. Prezidentin dəvətlə bağlı ifadəsi bu oldu ki, o, böyük məmnuniyyətlə bu tədbirə qatılmaq niyyətindədir. Yaxın günlərdə bu barədə dəyərləndirmə aparılacaq və rəsmi cavab veriləcək. Lakin o, qatılmağı böyük məmnuniyyətlə arzu etdiyini bildirib. Əlbəttə ki, prezidentin bu tədbirə qatılmaması üçün heç bir səbəb yoxdur. Ümidvarıq ki, onun bu tədbirə qatılması milli birliyimiz baxımından tarixi bir hadisə olacaq”, - deyə Kasim Alcan vurğulayıb.
 
/Deyerler.Org/

Diğer Haberler